Avropa İttifaqı (Aİ), Karib hövzəsində yerləşən beş ölkədən investisiya qarşılığında vətəndaşlıq verən proqramlarını iki il ərzində dayandırmalarını tələb edib. Bu tələbə əməl olunmayacağı təqdirdə, həmin ölkələr üçün vizasız rejim ləğv ediləcək.
Söhbət Antiqua və Barbuda, Dominikan, Qrenada, Sent-Kits və Nevis, eləcə də Sent Lüsiyadan gedir. Hazırda tətbiq olunan proqramlar çərçivəsində, əcnəbilər bu ölkələrin iqtisadiyyatına 200 min dollardan artıq sərmayə yatıraraq, daşınmaz əmlak əldə edərək və ya dövlət büdcəsinə birbaşa ödəniş edərək onların vətəndaşlığını ala bilirlər. Bu cür pasportlar sahiblərinə 140-dan çox ölkəyə vizasız səyahət imkanı yaradır.
Aİ-dən Sərt Xəbərdarlıq
İyun ayında bu beş ölkənin hökumətləri Aİ-dən rəsmi məktublar alıblar. Məktublarda Avropa İttifaqının yeni qaydalarının, bu tip proqramları həyata keçirən ölkələr üçün vizasız rejimi dayandırmağa imkan verdiyi qeyd olunub. Karib dövlətlərinə bu proqramları mərhələli şəkildə dayandırmaq üçün 1 iyun 2028-ci ilə qədər vaxt verilib.
Ümumilikdə, Karib hövzəsinin bu beş ölkəsi 100 mindən çox “investisiya” pasportu təqdim edib. Aİ-də həmçinin vurğulanır ki, bu cür vətəndaşlığın əldə edilməsi üçün ərizəçinin ölkədə fiziki olaraq iştirakı tələb olunmur. Bu proqramlar, pulların yuyulması və cinayət məsuliyyətindən yayınmaq məqsədilə istifadə edilməsi risklərinə görə ciddi tənqidlərə məruz qalır.