Belçika Fələstin ərazilərindən məhsul idxalına məhdudiyyət tətbiq edir
Belçika Nazirlər Şurası, İsrailin Fələstin ərazilərindəki məskənlərində istehsal olunan məhsulların ölkəyə idxalını qadağan edən qərarı təsdiqləyib. Bu addım, Belçika xarici işlər naziri Maksim Prevonun bəyanatına əsasən, İsrailin Qəzza zolağındakı hərbi əməliyyatlarına cavab olaraq atılıb.
Qərar, 1993-cü il tarixli kral fərmanına edilən düzəlişlərlə qüvvəyə minəcək və malların, o cümlədən onlarla əlaqəli texnologiyaların idxal, ixrac və tranzitini tənzimləyəcək. Xüsusilə, Şərqi Qüdsü əhatə edən İordan çayının Qərb sahili və Qəzza zolağındakı İsrail məskənlərindən gələn məhsullara xüsusi qaydalar tətbiq olunacaq.
Yeni tənzimləmə mexanizmi:
- Mövcud ilkin icazə sistemi çərçivəsində tətbiq ediləcək.
- Malların işğal olunmuş Fələstin ərazisindəki İsrail məskənindən gəldiyini göstərən sənədlər olduqda, idxal icazəsi verilməyəcək.
- Bu mexanizm, sanksiyalar və nəzarət sisteminə daxil ediləcək.
Qanun layihəsi 120 günlük keçid dövrünü nəzərdə tutur. Xatırladaq ki, daha əvvəl Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri də beynəlxalq hüquqa zidd sayılan İsrail məskənlərinə qarşı ticarət məhdudiyyətlərini dəstəkləmişdilər. Baxmayaraq ki, tam qadağa variantı böyük dəstək almışdı, konsensus əldə olunmadığı üçün yekun qərar qəbul edilməmişdi.