Fövqəladə Hallar Nazirliyi (FHN) ölkə ərazisində gözlənilən əlverişsiz hava şəraiti ilə bağlı əhaliyə vacib xəbərdarlıq edib. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, yaxın günlərdə intensiv yağışlar, dağ çaylarında qısamüddətli sel hadisələri, şimşək çaxması və arabir güclənən külək proqnozlaşdırılır.
Təhlükəsizlik qaydalarına əməl edin!
Nazirlik vətəndaşları bu cür hava şəraitində təhlükəsizlik qaydalarına xüsusi diqqət yetirməyə çağırır:
- Sel və daşqın təhlükəsi: İntensiv yağışlar nəticəsində yaranan sel və daşqınlardan qorunmaq üçün sel təhlükəli zonalardan uzaq durmaq, təhlükə ilə üzləşdikdə dərhal yüksəkliyə qalxmaq tövsiyə olunur.
- Dənizdə təhlükəsizlik: Yay fəslində çimərliklərə üz tutanların nəzərinə: küləkli havada dənizə girmək ciddi təhlükə yaradır. Kiçikhəcmli gəmi istifadəçiləri də belə şəraitdə dənizə çıxmaqdan çəkinməlidirlər.
- Güclü külək zamanı: Küləyin gücləndiyi zaman yüngül konstruksiyalı tikililərdən, reklam lövhələrindən uzaq durmaq, elektrik dirəklərinin, naqillərinin və hündür ağacların altında dayanmamaq vacibdir.
- Yanğın təhlükəsizliyi: Güclü külək yanğınların söndürülməsini çətinləşdirdiyi üçün bu hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusi diqqətlə riayət edilməlidir.
- İldırımdan qorunma: İldırım təhlükəsi zamanı elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla danışmamaq, açıq havada olarkən elektrik xətləri, ildırımötürücülər və hündür ağaclar kimi obyektlərdən uzaq durmaq lazımdır. Bu zaman nisbətən çökək yer seçmək daha təhlükəsizdir. Avtomobildə olarkən isə hərəkəti dayandırıb şüşələri qaldıraraq ildırımın keçməsini gözləmək məsləhət görülür.
FHN vətəndaşları ehtiyatlı olmağa və xəbərdarlıqları nəzərə almağa çağırır.