Mətbəxlərimizin vazkeçilməz məhsullarından biri olan kərə yağı, təəssüf ki, bazarda tez-tez saxta versiyaları ilə qarşımıza çıxır. Hər “kərə yağı” yazılan məhsulun həqiqətən də təbii süd yağından hazırlandığını düşünmək yalnışdır. Bəs keyfiyyətli kərə yağını saxtasından necə ayırmalı?
1. Qablaşdırmadakı yazıya diqqət edin
Məhsulu alarkən ilk baxmalı olduğunuz məqam onun qablaşdırmasındakı rəsmi addır. Əgər üzərində “Kərə yağı” yazılıbsa, bu o deməkdir ki, məhsul müvafiq standartlara uyğun şəkildə, yalnız süd qaymağından və ya onun emalı nəticəsində əldə olunan komponentlərdən istehsal edilməlidir.
Əgər qablaşdırmada aşağıdakı ifadələrdən biri varsa, bilin ki, bu, təbii kərə yağı deyil:
- Spred
- Yağlı məhsul
- Sendviç məhsulu
- Bitki-süd yağı qarışığı
Bu cür məhsullarda süd yağının bir hissəsi daha ucuz bitki yağları ilə əvəz olunur.
2. Yağlılıq dərəcəsi ən azı 72,5% olmalıdır
Kərə yağının keyfiyyətini göstərən ikinci vacib amil onun yağlılıq faizidir. Təbii kərə yağı adətən 72,5%, 73% və ya 82,5% yağlılıq göstəriciləri ilə satılır. 82,5% yağlılıq ən yüksək keyfiyyətli klassik kərə yağı hesab olunur. Bu məhsul daha çox süd yağı ehtiva edir, zəngin qaymaq dadına malikdir və həm səhər yeməklərində, həm də şirniyyat hazırlanmasında ideal seçimdir.
Əgər yağlılıq faizi bu göstəricilərdən aşağıdırsa, məhsulun tərkibini mütləq yoxlayın. Çünki istehsalçı süd yağının bir hissəsini başqa komponentlərlə əvəz etmiş ola bilər.
3. Tərkibində yalnız qaymaq olmalıdır
Ən keyfiyyətli kərə yağının tərkibi çox sadə olur. Adətən tərkibində yalnız pasterizə olunmuş qaymaq və ya qaymaq göstərilir. Əgər duzlu kərə yağıdırsa, az miqdarda xörək duzu da ola bilər.
Əgər tərkibdə palma yağı, kokos yağı, günəbaxan yağı, digər bitki yağları, emulqatorlar, stabilizatorlar, dadlandırıcılar və ya rəngləndiricilər varsa, bu məhsul artıq klassik kərə yağı hesab edilmir. Mütəxəssislər vurğulayır ki, tərkib nə qədər qısa olarsa, məhsulun təbii olma ehtimalı da bir o qədər yüksəkdir.
Keyfiyyətli kərə yağını başqa necə tanımaq olar?
- Rəng: Keyfiyyətli kərə yağı ləkəsiz və zolaqsız, bərabər açıq sarı və ya krem rəngində olur. Həddindən artıq parlaq sarı rəng boya maddələrinin istifadə olunduğunu göstərə bilər.
- Bərklik: Soyuducuda saxlanıldıqdan sonra təbii kərə yağı kifayət qədər bərk olur. Əgər məhsul soyuducuda belə yumşaq qalırsa, bu, tərkibində bitki yağlarının olmasına işarə edə bilər.
- Ərimə: Qızdırıldıqda həqiqi kərə yağı bərabər şəkildə əriyir, qatlara ayrılmır və çoxlu köpük əmələ gətirmir.