Ölkədə məcburi köçkün statusunun tənzimlənməsində yeni qaydalar qüvvəyə minib. Bu dəyişikliklər, Prezident İlham Əliyevin təsdiqlədiyi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” qanunda öz əksini tapıb.
Əvvəlki tənzimləmələrə görə, məcburi köçkünlər adətən əvvəlki yaşayış yerlərinə qayıtdıqda və ya dövlət tərəfindən təqdim olunan digər yaşayış yeri ilə təmin edildikdə statuslarını itirirdilər. Lakin yeni qanunla bu şərtlərə əlavə bir bənd də daxil edilib.
Yeni Qanunun əsas dəyişiklikləri:
- Əgər vətəndaş ona təklif olunan yaşayış yerindən imtina edərsə, məcburi köçkün statusunu itirəcək.
- Qanun qüvvəyə mindiyi tarixədək işğaldan azad edilmiş ərazilərdə yaşayış yeri ilə təmin edilmiş məcburi köçkünlərin statusu bu tarixdən etibarən ləğv olunur.
Yeni qanunvericilik, vətəndaşların əvvəlki yaşayış yerlərinin əvəzinə regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə təmin olunmasını nəzərdə tutur. Bu yolla dövlət, yeni yaşayış sahəsinin verilməsi ilə vətəndaşın mülkiyyət hüquqlarının tam bərpasına nail olmağı hədəfləyir. Bu addım, məcburi köçkünlərin sosial və hüquqi vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş mühüm bir islahatdır.